Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Tədbirlər
17 Mart , 2020

17 mart Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anım günüdür.

7 fevral 1975-ci ildə Salyan rayonunun Aydıngün kəndində anadan olub. 1992-ci ildə Aydıngün kənd orta məktəbini bitirib. Bir müddət sovxozda çalışıb. 1993-cü ilin aprel ayında Nazim Milli Ordu sıralarına çağırılıb. Hərbi təlimlərdə iştirak edən N.Babayev torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etmək üçün cəbhəyə yollanıb. O, Füzuli, Tərtər bölgələrində vuruşurdu.

1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunanda əsgərlərimiz sevinirdilər. Torpaqlarımızın bir hissəsini itirsək də, güc, qüvvə toplamaq üçün bizə bu nəfəs dərimi lazım idi. 1995-ci ilin mart ayı... Dövlətçiliyimiz yeni təhlükə qarşısında idi. Ölkə həyəcanlı günlərini yaşayırdı. Dövlətçiliyimizə zərbə endirmək istəyən qüvvələr yenə fəallaşmışdı. Yağı düşmən bir yanda qalmışdı, biz isə öz-özümüzə qənim kəsildik. Milli Ordumuzun mətin iradəsi sayəsində gündən-günə qaynayıb daşan təhlükə sovuşduruldu. Dövlət çevrilişinə cəhd edən qüvvələrin zərərsizləşdirilməsində Nazim Babayevin də böyük xidmətləri oldu. Erməni təcavüzkarlarının güllələri altından salamat çıxan N.Babayev, təəssüf ki, öz soydaşlarımızın atdığı güllənin qurbanı oldu. O, 15 mart 1995-ci il tarixdə gözlərini əbədi yumdu. Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qaraçala kənd Şəhidlər xiyabanında dəfn edilmişdir

Salyan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Salyan şəhər parkında büstü qoyulmuşdur.