Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
10 Sentyabr , 2019
Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə mədəniyyət müəssisələrinin 2019-cu ilin 8 ayı ərzində gördüyü işlərə həsr olunan müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov açıb. O, mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 yanvar 2019-cu il tarixli fərmanından irəli gələn mühüm məsələlərin həlli yolunda görülən işlər barədə, aparılan monitorinqin nəticələri haqqında ətraflı söhbət açıb, mədəniyyət sahəsindəki stimullaşmadan, optimallaşmadan danışıb. Qeyd edib ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Salyan rayonunun mədəniyyət müəssisələri ilin 8 ayında mədəniyyət və incəsənət sahəsində keçirilən respublika və rayon səviyyəli tədbirlərdə müntəzəm olaraq çıxış edib. "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalı, III Respublika Xalq Teatrları Festivalındakı çıxışlar buna misaldır. O da qeyd olunub ki, "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalındakı uğurlu çıxışlara görə Biləsuvar Regional Mədəniyyət İdarəsi cənab nazir Əbülfəs Qarayev tərəfindən Fəxri Fərmanla təltif olunub. Bundan başqa mədəniyyət nazirinin bu ilin avqustunda Salyanda, müavinlərinin Neftçala və Biləsuvarda vətəndaşlarla keçirdiyi görüşlərə, oradakı təkliflərə də toxunulub. Növbəti çıxış edənlər rayonda mədəniyyət sahəsində mövcud olan problemlərdən danışıblar. Sonra işçiləri maraqlandıran suallar cavablandırılıb və təkliflər səsləndirilib. Mövcud problemlərin həlli üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib. Müşavirədə Salyan rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları da iştirak edib.