Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
31 Yanvar , 2018

Bu gün-31 yanvar Milli Qəhrəman Təbriz Xəlilbəylinin şəhid olduğu gündür

Milli Qəhrəman Təbriz Xəlilbəyli Azərbaycanın böyük şairi, azadlıq mücahidi, bütün varlığıyla mili hisslərə köklənmiş Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açmışdı. Təbriz atasının mübariz, döyüşkən ruhlu poeziyasından vətənpərvərlik dərsi almış, torpağa, elinə-obasına bağlı bir gənc kimi yetişmişdi. Vətənə layiqli, elinə-obasına gərəkli vətəndaş olmağı həyatının mənası hesab edirdi. O da Vətənin başının üstünü qara buludlar alanda kənarda qala bilməzdi və ön cəbhəyə yola düşdü. 
1992-ci il yanvarın 31-də növbəti döyüşlərdən biri idi. Naxçıvanik kəndi uğrunda qanlı savaş, ölüm-dirim mübarizəsi gedirdi. Bu döyüşdə də Təbriz igidliyi, qəhrəmanlığı ilə seçilirdi. Birdən xain, namərd düşmənin gülləsinə tuş gəldi. Torpaqlarımızı işğalçılardan təmizləyərək azad edilmiş müqəddəs yurd yerlərimizdə üçrəngli Dövlət Bayrağımızın dalğalanacağı naminə son nəfəsinə kimi döyüşməyə söz vermiş Təbriz 27 yaşında şəhidlik zirvəsinə-Tanrı dərgahına ucaldı.
Sevimli övladlarının şəhid olduğunu eşidən görkəmli şair Xəlil Rza Ulutürk və Firəngiz xanım ölçüyəgəlməz ağrı-acı içində olsalar da, sarsılmadılar, başlarını uca tutaraq Vətən üçün belə bir oğul böyütdüklərinə görə fəxr edib, qürur hissi keçirdilər. 
Bakıda-Şəhidlər Xiyabanında dəfn olunan igid həmyerlimizin adı həm Bakıda, həm də Salyanda əbədiləşdirilmişdir. Salyanda Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin adına küçə vardır. Xəlil Rza Ulutürkün adını daşıyan küçə ilə T.Xəlilbəyli küçəsinin qovuşduğu yerdə "Ata-oğul" abidəsi yaradılmışdır. Rayonun Xıdırlı kənd tam orta məktəbi də qəhrəman eloğlumuzun adını daşıyır. 
Zaman keçəcək, Vətən naminə, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş digər soydaşlarımız kimi, T.Xəlilbəylinin də xatirəsi daim əziz tutulacaq, xalqımız öz qəhrəman oğlunu heç vaxt unutmayacaqdır.