Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
18 Mart , 2017

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət və turizm sahələrində fəaliyyət göstərən insanları təbrik edib.

Təbrikdə qeyd edilir ki, xalqımızın ən əziz bayramı olan Novruzun mahiyyətində  təbiətlə insanın möhkəm bağlılığı əsas yer tutur. Dörd əsas təbiət ünsürü – su, od, hava və torpağın müstəsnalığı insanlar tərəfindən ta qədim zamanlardan dərk və qəbul olunmuş, onların hər birinə uyğun rituallar icra edilmişdir. Novruz bayramı insanları birliyə, bərabərliyə, paylaşmaya, saflığa və fəaliyyətə səsləyir. Bu gün dünyanın Novruzun aşıladığı humanist dəyərlərə çox ehtiyacı var. Xalqımızın min illərdir bu ənənələri yaşadıb gələcək nəsillərə ərməğan etməsi də məhz belə  mütərəqqi keyfiyyətlərlə bağlıdır. Bayram günlərində paytaxtda və bölgələrdə fəaliyyət göstərən bütün teatr və konsert müəssisələri tərəfindən xüsusi proqram hazırlanır, Novruzun əsas atributlarının iştirakı ilə maraqlı şənliklər təşkil olunur.

“Azərbaycan elə unikal tolerantlıq məkanıdır ki, burada yaşayan azsaylı xalqlar, etnik qruplar da Novruzun parlaq ideyalarına həssaslıqla yanaşır, bayramın daha da mütəşəkkilliklə qeyd olunmasına töhfələrini verirlər. Novruzun qüdrəti həm də ondan ibarətdir ki, o, müxtəlif ölkələrdən belə insanları bir yerə yığmağa vəsilə olur. Təsadüfi deyil ki, Novruzun sorağı ilə bayram günlərində Türkiyə, İran, Rusiya, Gürcüstan və digər ölkələrdən Azərbaycana minlərlə qonaq gəlir. Bu da, təbii ki, Azərbaycan turizminin inkişafına öz müsbət təsirini göstərir”, - deyə təbrikdə bildirilir.

Daha sonra Novruzun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin "Beynəlxalq Novruz Günü" elan olunması yüksək qiymətləndirilir, Novruzun qlobal səviyyəli əlamətdar hadisə kimi tanınmasının əhəmiyyəti vurğulanır.

Təbrikin sonunda nazir bir daha ölkəmizin mədəniyyət və turizm ictimaiyyətinə Novruz bayramı münasibətilə cansağlığı, firavanlıq, ruzi-bərəkət və yeni uğurlar arzulayıb.