Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Rayon haqqında
9 Fevral , 2016

Tarix-Diyarşünaslıq Muzeyi

Milli-mədəni tariximizi əks etdirən nadir tarixi eksponatların qorunub saxlanılmasında muzeylərin, xüsusən Tarix -Diyarşünaslıq muzeylərinin rolu danılmazdır. Salyan rayonu , S. Vurğun -75 ünvanında yerləşən Əli bəy Hüseynzadə adına Tarix - Diyarşünaslıq muzeyi uzun illərin məişətindən, yaşam tərzindən, gün-güzəranından xəbər verən maddi sübut və eksponatlar əsasında tariximizin şanlı səhifələrinə çıraq tutan məkandır. 1981-ci il yanvarın 10-dan fəaliyyət göstərən bu muzeyə 1991-ci il 8 noyabrda Nazirlər Kabinetinin 371 N0- li qərarına əsasən görkəmli ictimai xadim Ə. Hüseynzadənin adı verilib. 2 mərtəbəli binada yerləşən, 2 foye, 5 zaldan, fond otağından və 3 iş otağından ibarət bu muzeydə müxtəlif ölçülü və təyinatlı keramika, saxsı qab nümunələri , mis və bürüncdən ibarət məişət əşyaları , qədim gil çıraqlar, müxtəlif geyim və parça növləri, qadın və kişi kəmərləri, pul və tütün kisələri, qədim sikkələr, təsərrüfat avadanlıqları, numizmatik materiallarla zəngindir. Burada ümumilikdə 11 min nüsxədən çox maddi mədəniyyət nümunələri qorunur. İlk baxışda quru və cansıxıcı görünən köhnə eksponatlar əslində neçə min illərin məişətindən, həyat tərzindən, əhalinin güzəranından məlumat verir. Rayonda indiyə qədər aparılan arxeoloji qazıntılar sübut edir ki, vaxtılə Muğanda 3 iri şəhər mövcud olmuşdur. Bunu qazıntılar zamanı tapılan müxtəlif çeşidli nümunələr təsdiq edir. Muzeydə Azərbaycanın, bölgəmizin tarixinin bütün mərhələlərinə-daş, gil, tunc və sonrakı dövrlərə aid eksponatlar toplanmışdır . Burada olan küplər, çıraqlar və s rayonumuzun ən qədim yaşayış məskənlərindən olan Noxudlu, Marışlı, Qırxçıraq kəndlərindən tapılmışdır. Bu muzey qonaqların, turistlərin yerli sakinlərin sevə-sevə baş çəkdiyi maraqlı yerlərdəndir. 2010-cu ilin məlumatına görə muzeyə fərdi qaydada gələnlərin sayı 7318 nəfər, ekskursiyaya gələnlərin sayı 12239 nəfər, ekskursiyaların sayı 4017 olmuşdur. Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərdiyi 30 il ərzində 11362 adda eksponatı özündə cəmləyə bilmişdir. Belə ki, bunlardan 6323 ədədi əsas fond da, 5039 ədədi köməkçi fondda saxlanılır. Muzey kollektivi əhaliyə göstərdiyi yüksək səviyyəli xidmətlərə, təşkil etdikləri yüksək səviyyəli tədbirlərə görə Rayon icra Hakimiyyətini Fəxri fərmanları ilə təltif olunub.

Salyan rayon Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi dahi şəxsiyyət, ulu öndərimizin əziz xatirəsini əbədiləşdirmək və siyasi fəaliyyətini gələcək nəsillərə olduğu kimi çatdırmaq eləcə də, milli liderimizin hər kəsə örnək ola biləcək həyat yolunu öyrənmək məqsədilə yaradılıb. 10 avqust 2006-cı ildə fəaliyyətə başlayan Heydər Əliyev muzeyinin açılış mərasimində möhtərəm prezidentimiz cənab İlham Əliyevi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevada iştirak ediblər. Hazırda muzeydə ulu öndərimizin unudulmaz xatirəsini əks etdirən 260-dan çox eksponat nümayiş olunur. Dahi rəhbərin xatirəsini əks etdirən eksponatlar və fotoşəkillər 8 bölmə də yerləşdirilib.

1-ci bölmədə Ümummilli liderimiz Heydər Əliyevin uşaqlıq, gənclik dövrünə aid, həmçinin ailəsi ilə çəkilən şəkilləri,
2-ci bölmədə ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə (1942-1969) çəkilmiş şəkilləri,
3-cü bölmədə dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi işlədiyi vaxtlarda çəkilən şəkillər nümayiş olunur.
4-cü bölmədə Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən respublikamıza qayıdışından bəhs olunur.
5-ci bölmədə isə dahi rəhbər Heydər Əliyevin ordu, idman, mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı foto şəkillərin dilli ilə muzeyə gələnlərə çatdırılır.
6-cı bölmədə ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi "Əsrin müqaviləsi " adlı neft müqaviləsini və dünyada analoqu olmayan "Bakı - Tbilisi - Ceyhan" neft kəməri layihəsindən bəhs olunur.
7-ci bölmədə dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı uğurlu xarici siyasətini əks etdirən fotoşəkillər yerləşir.
8-ci bölmədə isə dahi şəxsiyyətin rayonumuza səfərləri öz əksin tapıb. Bu bölmədə həmçinin ulu öndərimizin 1969- 1981 ci illərdə rayonumuza səfərləri zamanı çəkilən fotoşəkillərdən ibarət albom və Salyan ziyalılarının Heydər Əliyev haqqında xatirələrindən bəhs edən "Dahi Rəhbər Heydər Əliyev və Salyan" kitabı nümayiş olunur.
Eyni zamanda muzeydə Heydər Əliyev haqqında yazılmış kitablar, jurnallar, qəzetlər, çəkilmiş videolentlər və "DVD" disklər saxlanılır.
Ünvan: Salyan rayon Təbriz Xəlilbəyli küçəsi Heydər Əliyev parkının ərazisində yerləşir.Tel: (0163)(021) 4-55-81

Salyan Dövlət Kukla Teatrı

Salyan Dövlət Kukla Teatrı 1973-cü ildə yaradılıb. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv yaradıcılıq birliyi əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, tez bir zamanda ətrafına istedadlı həvəskarları toplayaraq Əli Səmədlinin "Artıq tamah baş yarar" əsərini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olduğundan dərnək 1975- ci ildə " Xalq kollektivi " adına layiq görülüb. Teatrın kollektivi tezliklə festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək müxtəlif mükafatlarla yanaşı geniş tamaşaçı auditoriyasının sevgisini də qazanıblar. Sənət aləmində özlərini kifayət qədər doğruldan kollektivə 1994 -cü il iyulun 4 -də Dövlət Teatrı statusu verilib. Bu illər ərzində teatrın kollektivi Əli Səmədlinin "Artıq tamah baş yarar ", Mirmehdi Seyidzadənin "Ata məhəbbəti ", Rəhman Əlizadənin "Keçəlin toyu", Rafiq Savalanın "Qayğıkeş Nigar", "Tələ quran özü düşər ", Abdulla Şaiqin "Danışan Kukla", İsgəndər Coşqunun "Tülkü həccə gedir", Tofiq Kərimin "Quyruqlu ulağın sərgüzəştləri", Əli Əlizadənin "Keçəl Həmzənin hiyləsi", Həsənağa Hüseynovun "Ulamaqdan mələməyə", Firudin Ağayevin "Cırtdan və Sehrbaz", Rafiq Mirzənin "Yetim fatma", R. Kipinqin " Başlı başına gəzən pişik" və başqa 60 qədər əsərləri səhnələşdirərək tamaşaçıların zövqünü oxşayıblar. Bu tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilib. Teatr kollektivi rayonda keçirilən mədəni - kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir. Teatrın kollektivi öz tamaşaları ilə uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünya görüşlərini formalaşmasında böyük rol oynayırlar.

Ümumiyyətlə, Salyanda teatr ənənələri daha qədimdir. 1944-1949-cu illərdə Salyanda Dövlət Dram teatrı fəaliyyət göstərib. Müharibə dövründə açılan bu teatr dövrünün nümunəvi teatrlarından olub. Dram teatrı olmasına baxmayaraq yaradıcı heyətin güclü olması ilə əlaqədar səhnəyə opera və musiqili komediya tamaşaları da qoyulub. Bu gün hamının tanıdığı görkəmli şəxsiyyətlərin bir qismi bu teatrın yetirmələridir. Onlardan Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əliağa Kürçaylı, Əflatun Ağayev, Rza Şıxov və başqalarını göstərmək olar. 1949-cu ildə bir sıra əyalət teatrları ilə yanaşı Salyan teatrı da öz fəaliyyətini dayandırmağa məcbur olub. Hazırda Salyan Dövlət Kukla teatrına Yavər Cəbrayılov rəhbərlik edir. Teatrın baş rejissoru isə Rafiq Mirzədir.

Ünvan: Salyan rayon H. Əliyev küçəsi.

Salyan mədəniyyət evi

Qədim Salyanda təhsil və insanların dünya görüşünün ətraf ərazilərdən fərqli olması, daha doğrusu inkişaf etməsi burada mədəniyyət sahəsinin formalaşmasına zəmin yaradır. İlk müntəzəm fəaliyyət göstərən "maarifləndirmə" adı altında 1905 ci ildə guşə (klub) yaradılır. Daha sonra bir qədər də təkmilləşdirilərək bədii öz fəaliyyət kollektivləri işə başlayır. 1924 ci ildə "Yeni yol" qəzetinin 27 dekabr sayında Ağalarov təxəllüslü müəllif yazırdı ki Salyanlı mədəniyyət işçiləri Astarxanbazarda (Cəlilabadda) mədəni proqramlarla çıxış edib. Ümumiyyətlə 1920 ci 1940 cı illər arasında klubda (sonradan mədəniyyət evi adlanacaq) xalq çalğı alətləri ansamblı, bədii qiraətçilər və dram dərnəkləri olub. 1944 cü ildə dram dərnəyinin bazasında Salyan Dram Teatrı yaradılır və 3 il fəaliyyət göstərir. 2 il sonra isə bu günə kimi fəaliyyətdə olan Q. Əsgərov adına "Gənclik" Xalq çalğı alətləri ansamblı yaradılır. 1970 ci ildə mədəniyyət evinin nəzdində 3 bədii özfəaliyyət kollektivi və iki dərzi kursu olsa da sonralar bunların sırası "Güzgü" miniatür teatrı, "Poeziya" qiraət teatrı, kukla dərnəyi, "Cəngi" milli nəfəs alətləri ansamblı, "Muğan" foto-kino həvəskarları klubu ilə genişləndi. 1975-1977 ci illərdə zəhmətkeşlərin özfəaliyyət kollektivlərinə I baxış festivalında "Cəngi" milli-nəfəs alətləri ansamblına (ansamblın rəhbəri Mənəf Məmmədov Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülür) və Kukla dərnəyinə Xalq kollektivi fəxri adı verilir, festivalın Laureatı adı və döş nişanları təqdim olunur. Hazırda "Babək" kino teatrında yerləşən Əlövsət Quliyev adına Mədəniyyət evində "Muğan" foto-kino həvəskarları klubu, "Muğam" Xalq musiqisi həvəskarları klubu və 5 Xalq kollektivi ("Cəngi" milli nəfəs alətləri Xalq ansamblı, "Mahirlər" ailə Xalq ansamblı, "Hünər" estrada-sirk Xalq kollektivi, Q. Əsgərov adına "Gənclik" Xalq çalğı alətləri ansamblı, "Güzgü" musiqili miniatür Xalq teatrı) fəaliyyət göstərir.

Salyan Dövlət Rəsm Qalereyası

Salyan Dövlət Rəsm Qalereyası 1985-ci ildən fəaliyyətdədir. Qalereyanın ayrıca binası olmadığından rəsm sənətinin fədailəri müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə böyük çətinlik içərisində fəaliyyətlərini davam etdiriblər (1985-1992-ci illərdə "Cümə "məscidində, 1992-ci ildən 1998-ci ilə qədər rayon mədəniyyət evinin foyesində, 2008-ci ilə kimi isə 1 saylı Univermağın 2-ci mərtəbəsində). Bu çətinliklərə 2008-ci ildə H. Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva son qoydu. Fondun dəstəyi ilə şəhərin mərkəzində müasir tipli Rəsm Qalereyası tikilərək istifadəyə verildi. Burada sərgilərin keçirilməsi və dərnəklərin təşkili üçün hər cür şərait var. İstedadlı rəsm həvəskarlarının üzə çıxarılmasında böyük rolu olan, qalereyada 8 nəfər əməkdaş çalışır. Qalereyanın direktoru rəssam İman Mustafayevdir. İman Mustafayev 1986-cı ildən SSRİ Rəssamlar ittifaqının 2005-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Ünvan:Salyan şəhər H.Əliyev kücəsi .

Qulu Əsgərov adına İncəsənət məktəbi

Salyan rayon İncəsənət məktəbi 1961 ci ildə 7 illik uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. 1991-ci ildən isə Mədəniyyət Nazirliyinin qərarı ilə musiqi müəssisəsinə Qulu Əsgərovun adı verilib və statusunu dəyişdirərək incəsənət məktəbinə çeviriblər. O vaxtda başlayaraq məktəbin uğurları daha da artıb. Dərslərin keçirilməsində, tədris işlərinin yüksək səviyyədə təşkilində əsaslı dönüş olub. Məktəbin şagird və məzunları dəfələrlə respublika səviyyəli müsabiqələrdə dəfələrlə fərqlənərək musiqi ocağının adını yüksəklərə qaldırıblar. Məlumat üçün bildirək ki Salyan rayon Qulu Əsgərov adına musiqi məktəbinin məzunlarının böyük bir qismi respublikanın ali və orta ixtisas təhsil müəssisələrini bitirib müxtəlif bölgələrdə fəaliyyət göstərərək, milli musiqimizin qorunub saxlanması və təbliği sahəsində yaxından iştirak edirlər. Hazırda məktəbin məzunlarından 50 nəfərdən çoxu respublikanın ali və orta ixtisas müəssisələrində təhsillərini davam etdirirlər.

Hazırda Salyan rayon Qulu Əsgərov adına İncəsənət məktəbində fortepiano, skripka, tar, kamança, saz, qarmon, nağara, xanəndəlik, Təsviri İncəsənət, ixtisası üzrə şöbələr fəaliyyət göstərir. Bu ildən Mədəniyyət və turizm nazirinin icazəsi ilə məktəbdə Xoreoqrafiya şöbəsi də açılıb. Lakin məktəbdə nəfəsli alətlər, estrada ifaçısı, sintezator ixtisasları üzrə peşəkar kadrlar olmadığı üçün bu şöbələrin açılması hələki mümkün olmayıb. Məktəbdə Azərbaycan xalq çalğı alətləri orkestri, xor kollektivi, Kür qrupu və digər qruplar da fəaliyyət göstərirlər. Ümumiyyətlə məktəbdə göstərilən ixtisaslar üzrə 454 şagird təhsil alır. Bu şagirdlərin təhsil-təlim tərbiyə işləri ilə 90 müəllim məşğul olur. Müəllimlərin hamısı hazırda dərs dedikləri incəsənət məktəbinin yetirmələridir. Onlarında 2 nəfəri ali ixtisas təhsilli, 3 nəfəri ali təhsilli, 75 nəfəri orta ixtisas təhsilli, 10 nəfəri isə orta təhsillidir. Bir nəfər skripka müəllimi Ü. Hacıbəyov adına musiqi akademiyasının məzunudur.

2011-2012 ci tədris ilində Mədəniyyət və Turizm Nazirliyinin məktubuna əsasən məktəbə 80 nəfər şagird qəbul ediləcək. Fortepiano şöbəsinə 40, skripka 2, Xalq Çalğı Alətlərinə ümumilikdə 16 (tar 5, kamança 2, saz 1, xanəndə 1, qarmon 6, nağara 1), təsviri incəsənətə 10 və xoreoqrafiyaya 12 nəfər şagird qəbul olunacaq.

Ünvan: Salyan rayon Əlibəy Hüseynzadə 46.

Yenikənd kənd 7 illik uşaq musiqi məktəbi

Salyan rayon Yenikənd kənd 7 illik uşaq musiqi məktəbi 1982-ci ildən fəaliyyət göstərir. Hazırda təhsil müəssisəsində 4 ixtisas üzrə tədris aparılır. Fortepiano, tar, qarmon, nağara üzrə 45 nəfər şagirdə musiqinin sirləri öyrədilir. Onlardan 26 nəfəri artıq bu il məktəbi bitiriblər. 2010-2011-ci tədris ilində Mədəniyyət və Turizm Nazirliyinin qəbul planına uyğun olaraq məktəbə 30 nəfər şagird qəbul edilmişdir. Məktəbdə 33 nəfər müəllim çalışır ki, onlardan 1 nəfər alim, 23 nəfər orta ixtisas təhsili 9 nəfəri ümumi orta təhsillidir. (Onlar vaxtaşırı nazirliyin ixtisasartırma kurslarına cəlb edilərək bilik və bacarıqlarını daha da artırırlar).Yenikənd kənd musiqi məktəbində dərslərin yüksək səviyyədə tədris olunması nəticədən aydın görünür. Artıq məzunlardan bir çoxları musiqi sahəsində ali və orta ixtisas təhsili alaraq respublikamızın müxtəlif bölgələrində çalışırlar. Elə, məktəbin müəllimlərinin bir neçəsi də dərs dedikləri musiqi məktəbinin bir vaxtlar tələbəsi olublar. Ötən il cari təmir olunan məktəbin hazırki durumu tədrisin dayanıqlı aparılması üçün qənaətbəxşdir.