Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Rayon haqqında
9 Fevral , 2016

 


                              Tarixi abidələr

Dini-tarixi abidələr

Abdulsəməd Məscidi
Abdulsəməd məscidi hicri qəməri tarixi ilə 1323, miladi 1903 ci ildə inşa edilib. Məscid Təvəkkül Sultanov və Təbriz Xəlilbəyli küçələrinin kəsişdiyi ərazidə yerləşir.

Cümə məscidi
1865-ci ildə Usta Kərbəlayı Hacı Mehdinin oğlu Ağa Hüseynin şərəfinə inşa edilib. Sovetlər dövründə repressiya qurbanı olan (yol çəkilişi adı altında abidənin bir hissəsi dağıdılır, anbar, qalereya və müxtəlif məqsədlərlə istifadə olunub) məscidə əvvəlki statusu respublikamız müstəqillik qazandıqdan sonra qaytarılıb. 2002 ci ildə Kür çayında baş verən daşqından sonra tarixi abidə qəza vəziyyətinə düşmüş və 9 günbəzi dağılmışdı. 2011 ci ildə məscid dövlət vəsaiti hesabına əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu. Məscid Salyan şəhər H. Əliyev küçəsində yerləşir.

Hacı Tağı Məscidi
Hacı Tağı Məscidi hicri qəməri tarixi ilə 1327, miladi tarixi ilə 1907-ci ildə inşa edilib. Hacı Tağının övladı olmadığına görə narahat idi ki, haqq dünyasına qovuşduqdan sonra ona yasin oxuyan olmayacaq . O, bilirdi ki dindarlar hər namazdan sonra məscid tikdirənə dua edirlər, bu səbəbdən də 2 məscid tikdirir ki, daim yaşasın.

Sarı Seyidan piri
Türbə 1721-ci ildə şəhid olmuş Seyid Saləddinin məzarı üzərində inşa olunub. Xalac kənd ərazisində yerləşir.

Xilə Şəkər piri
Türbə Yenikənd kəndində yerli sakinlərə şəfa vermiş mömin Xiləli Şəkərin qəbri üzərində tikilib. XIX əsr aid abidə, Yenikənd kənd ərazisində yerləşir.

Hacı Səməd məscidi
Məscid XIX əsrin II yarısında Hacı Səməd Ələkbərov tərəfindən tikdirilib. Salyan şəhəri

Şilli məscidi
Məscid 1903-cü ildə usta Abdulsəməd tərəfindən tikilib.

Ağa Mirəşrəf ağa məscidi
Məscid hicri qəməri 1324, miladi 1904-cü ildə Hacı Tağı tərəfindən inşa edilib. Ağa Mirəşrəf ağa məscidin Axundu olub.

Qovurğa piri
Qovurğa piri 1932-ci ildə ərazidə məskunlaşmış yerli əhali tərəfindən aşkar edilib. İnanclara görə yel xəstələri həmin pirdə şəfa tapıblar. Pirə adətən keçi qurbanları nəzir olunur olunurmuş.

Qədim evlər

Hacı Tağının evi
Bina 1907 ci ildə Hacı Tağının atası tərəfindən inşa etdirilib. 1920-ci ildə XI qızıl ordunun Azərbaycanı işğal etməsindən sonra ev Hacı Tağının əlindən alınıb, dövlət mülkiyyətinə verilib. 1950-ci ilə qədər binadan uşaq evi kimi istifadə olunub. Salyan şəhəri Mirzağa Quluzadə küçəsində yerləşir.

Milyonçu Mirxalıq Abdullayevin evi
1913-cü ildə inşa olunub. Tikintidə istifadə edilən daşlar Qarabağ dağlarından kəsilib.

Tacir Abbas Hüseynovun evi
Bina 1914-cü ildə inşa edilib. Plana görə ev 2 mərtəbəli olmalıymış, lakin I dünya müharibəsi başlandığı üçün bina bir mərtəbəli tikilir. Salyan şəhər Əliağa Kürçaylı küçəsində yerləşir.

Hacı Əlihəsənin yaşayış evi
Ev 1851-ci ildə inşa edilib. Həmin dövr Salyanın varlı tacirlərindən olan Hacı Əlihəsənin tikdirdiyi evdə hazırda onun nəticələri yaşayır.

Seyid Ramazanın evi
Bina XIX əsrin axırlarında inşa olunub. Yüksək zövqlə tikilən evin həyət yanı sahəsində gözəl bağı da olub. Deyilənlərə görə bağda bütün meyvə ağacları olub (1929-1936-cı illərdə Salyan qəzasının milis şöbəsinin rəisi vəzifəsində çalışan Musa Məmmədov Seyid Ramazanın bağını cənnətə bənzədirmiş). Sonralar bu evdən məktəb kimi istifadə olunub.

Baxış bəyin evi
Bina XIX əsrin II yarısında inşa olunub.

Ağa Mirəşrəf ağanın evi
XX əsrin əvvəllərində tikilib. Salyan şəhərində yerləşir.

Mirsədirin evi
Bina XIX əsrin axırında inşa olunub. Sonralar binadan göz xəstəxanası və təcili tibbi yardım məntəqəsi kimi istifadə edilib. Ümummilli lider Heydər Əliyev Salyana olan səfərlərinin birində bu bina ilə tanış olub.

Hacı Mehdiyevin mehmanxanası
Binanı 1908-ci ildə Mirxalıq Abdullayev inşa etdirib. Tikintidə istifadə olunan daşlar Qarabağ dağlarından kəsilib, Kür çayı vasitəsilə gəmilərlə gətirilib. 1918-ci ildə erməni daşnaklarının qarşısını almaq üçün Ağa Mirbağır ağanın dəvəti ilə Nuru paşa, Ömər paşa, Ramazan Paşa, Tələt Paşa, Vəlhəd Paşa, Soltan Paşa, Xanmirzəyev, Mirəşrəf ağa, Kərbəlayı Rəşid və başqaları bu binada iclas keçiriblər. Həmin iclasda iştirak edənlər 1937-ci ildə repressiyaya qurbanı olublar.

Qədim yaşayış məskənləri

Kürsəngi yaşayış məskəni
Salyan şəhərindən 30 kmşimal şərqdə yerləşən "Kürün səngidiyi yer" mənasını verən Kürsəngi, hündürlüyü 77 metrə çatan Cənub-Şərqi Şirvan düzündə ən iri palçıq vulkanıdır. Vaxtı ilə Kür çayının bu təpənin yaxınlığından keçməsi burada insanların məskunlaşmasına səbəb olub. Təpənin şərqində və cənubunda çox sayda torpağın üzərində qalaqlanmış kərpic qırıqları və 23 x 23 x 5 ölçüdə qırmızı və açıq sarı rəngli bişmiş kərpicdən tikilən diametri 5-6 metr çatan tikililərin qalıqları mövcuddur. Ərazidə şirli və şirsiz qab parçalarına da rast gəlinməsi, buralar o zaman böyük yaşayış yeri olub. Əhəng daşından hazırlanan qəbir daşlarının parçaları da günümüzə qədər gəlib çıxıb. Daş parçalarının üzərində süls xətti ilə ərəbcə yazılar və nəbati ornamentlər həkk olunub. Hazırda təpənin üstündə kənd qəbiristanlığı yerləşir. Qəbiristanlıqda XVIII, XIX, XX əsrlərə aid olan qəbirlərin başdaşı və sənduqələri üzərindəki kitabələr kənd əhlisinin tarixi keçmişini, adət-ənənəsini özündə əks etdirir.
Kənd əhalisinin bildirdiyinə görə bu ərazidə qəbir qazılarkən qədim məzarlar üzə çıxır. Nəticə olaraq məlum olub ki həmən dövrdə ölənlər tuncdan hazırlanan bəzək əşyaları ilə birgə dəfn olunublar. Aşkarlanan tapıntılar onu göstərir ki, bu ərazidə eramızdan əvvəl də yaşayış olub.

Mahmudabad yaşayış məskəni.
Mahmudabad şəhəri Hülakü hökmdarlarından Sultan Mahmud Qazan xan tərəfindən salınıb. Aparılan arxeoloji araşdırmalar bu şəhərin Qırxçıraq kəndi ərazisində olduğundan xəbər verir. Burada yüzdən artıq gümüş və mis pul tapılıb. Onların üzərində Mahmudabad və Kuştasfi şəhərlərinin adları həkk olunub. Tapıntılar sübut edir ki, XIV-XVI əsrlərdə Mahmudabadda zərbxanalar mövcud imiş. Burada müxtəlif hökmdarların adından gümüş və mis sikkələr kəsilib. I-III əsrlərə aid qədim şəhər, Bakı- Astara şose yolunun 113 km Qırxçıraq ərazisindədir.

Bəndovan yaşayış məskəni
IX-XIII əsrlər, Bəndovan şəhərinin qalıqları Şirvan Milli Parkında yerləşən Bəndovan burnunda və dənizdə aşkar edilib. Aparılan arxeoloji tədqiqatlar zamanı çovustan tipli tikili qalıqları, dulus kürəsinin nişanələri, orijinal şirsiz və şirli qablar, əmək alətləri, şüşə bəzək şeyləri, sikkələr və s. maddi mədəniyyət nümunələri aşkar edilib. Buradan tapılan mis, gümüş pullar Şirvanşahlar dövrünə aiddir.

"Qızıl məsçid" yaşayış məskəni
Qızıl məscid yaşayış yeri hazırkı Kürsəngi kəndinin yaxınlığında mövcud olub. 2006-cı ildə aşkar edilib. Ərazidən X-XVII əsrlərə aid saxsı qablar, XIV əsrə aid Şirvanşahlar dövlətinə məxsus mis pullar tapılıb. Qədim yaşayış sahəsində arxeoloji qazıntıların aparılmasına ehtiyac var. Bununla tariximizin daha bir qaranlıq səhifəsi acılar və torpaq altında qalan maddi mədəniyyət nümunələri tarixi keçmişimizə növbəti aydınlıq gətirər. Qırxçıraq yaşayış məskəni Qədim qırx cıraq yaşayış sahəsi, Bakı- Astara şose yolunun 117 km mövcud olub. Burada 1960-cı ildən 2001-ci ilə kimi fasilələrlə qazıntı işləri aparılıb. Arxeoloji araşdırmalar göstərir ki, yaşayış yeri (sahəsi 16 km2) Mahmudabad şəhərinin qalığıdır. Burada arxeoloji axtarışlar zamanı tapılan tapıntılar, bu şəhərdə XIV-XVI əsrlərdə iqtisadi-mədəni həyatın mövcudluğunu sübut edir. Buradan torpağın üst qatından bir çox tarixi əhəmiyyətli nümunələr tapılıb. Xüsusən XII-XIV əsrlərə aid şirli və şirsiz saxsı məmulatlar, fayans qab qırıqları, Elxanilər, Qızıl Orda xanları, Cəlairlər və Qaraqoyunluların mis sikkələrindən ibarət pul nümunələri aşkar olunan arxeoloji tapıntılar içərisində daha çox üstünlük təşkil edir.

 

 

                                            Turizm

Salyan rayonu ölkəmizin zəngin irsə malik qədim yaşayış məskənlərindən biridir. Rayonun əlverişli coğrafi mövqeyi, əsrarəngiz, zəngin təbiəti və zəngin tarixi mədəniyyət abidələri burada turizmin ikişafı üçün potensial imkanlar yaradır. Əslində, təkcə Şirvan Milli Parkı və onun ərazisindəki gəzməli-görməli yerlər, eləcə də rayon ərazisindəki müalicəvi suların tanıdılması üçün səmərəli işlər görülsə, mövcud turizm marşrutları 1 qədər də zənginləşdirilərsə, turizm üçün münbit imkanlar yaranar. Bəndovan qədim yaşayış məskəni, palçıq vulkanları, Kürsəngi və Kürovdağ dağlarındakı mağaralar, dadı damaqlardan getməyən ləziz təamlar, xüsusən balıqdan hazırlanan yeməklər buralara bir gələnin, yenidən gəlməsinə zəmin olar. Kür çayının sahilini bəzəyən Tuqay meşələri, bu yerlərdəki istirahət mərkəzləri, eləcə də Xəzərin Salyan ərazisindəki sahillərindəki ayaq dəyməmiş çimərliklər daxili və xarici turistlərin yolunu gözləyir. Səhərlər Bala Kür (Akkuşa) çayının dumanlı sahili də bambaşqa, əsrarəngiz mənzərələr vəd edir. Bəlkə də çoxlarımız bilmirdik ki, Dünyanın ən şor bulağı, müalicəvi əhəmiyyətli Şır-Şır da Salyandadır.

1999-cu ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda "Turizm haqqında " Qanunun qəbul edilməsi nəticəsində bu sahədə nəzərə çarpacaq nəticələr əldə edilib, ölkəmizin turizm sektorunun beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulub. Ölkə Prezidenti Cənab İlham Əliyevin 2 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı " həmin imkanların reallaşması üçün mühüm baza yaradır.
Azərbaycana investisiya yatırmaq həvəsində olanlar da bilməlidir ki, Salyan rayonunun ərazisində ekoturizmin inkişafı üçün kifayət qədər geniş fəaliyyət sahəsi və imkanlar var. Mütləq nəzərə alınmalıdır ki, Salyan ərazisində mövcud olan unikal palçıq vulkanları və termal su mənbələri rayonda müalicəvi turizmin inkişafı üçün böyük imkanlar yaradır. Bundan əlavə Milli Olimpiya Kompleksi, "Göl üstü" restoranı, "Bala kür" restoranı, "Yanar dağ" restoranı, "Təndir" restoranı və s. obyektlər qonaqların və yerli sakinlərin xidmətindədir. Bu yaxınlarda istifadəyə veriləcək "Kür" mehmanxanası isə, Salyana gələn turistlərin daha rahat istirahəti üçün geniş perspektivlər vəd edir.

Park, Restoran və istirahət mərkəzləri

Salyan rayonunda kifayət qədər restoran və istirahət mərkəzləri həmçinin şadlıq sarayları mövcuddur. Müasir tələblərə cavab verən obyektlərdə rahat dincəlmək və gecələmək üçün hər cür şərait var. Bu məkanlar rayonun ən füsünkar və əlverişli yerlərində salınıb. Rayona təşrif buyuran qonaqlar Salyan mətbəxinə aid ləziz yeməklərdən dadmaqla yanaşı rayonun göz oxşayan təbiəti və gəzib görməli yerləri ilə də tanış ola bilərlər. Salyanda olarkən isə qidalanma və gecələmə tələbatınızı bu iaşə obyektlərinin peşəkar personalına etibar edə bilərsiniz.

1."Gölüstü" restoranı (100 yerlik)
Salyan rayonu Aşağı Kürkəndi kəndi, Ələt-Astara yolunun yaxınlığında yerləşir. Suyun üzərində salınan bu obyekt də istədiyiniz yeməkləri sifariş edə bilərsiz.
Tel: 050-328-72-09

2."Bala Kür" restoranı (95 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistral yolunun yaxınlığında yerləşir. Restoranın Akkuşa cayının sahilində salınması bura xüsusi gözəllik verir.

3."Yanar Dağ" restoran (100 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistralı yolunun kənarında salınıb. Gözəl və səliqəli görünüşü ilə diqqət çəkən restoranda dadlı yeməklər hazırlanır.

4. "Dostluq" restoran (70 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında yerləşir. Akkuşa çayının restoranın ərazisindən keçməsi burada gözəl mənzərə yaratmaqla yanaşı yay aylarında bura gələn qonaqların sərinləməsi üçün əlverişli məkan hesab olunur. Restoranda verilən yeməklər hər zaman təzə və dadlı olur.

5. "Bakı" restoranı (110 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında yerləşir. Burada da müştərilərə keyfiyyətli xidmət göstərilir.

6. "Motel" Qısa müddətli istirahət mərkəzi (100 nəfər)
Salyan rayon Həsənli kəndində Ələt-Astara yolunun kənarında yerləşir. İstirahət mərkəzində gecələmək üçün rahat şərait yaradılıb. Mərkəz tam yeni avadanlıqlarla təchiz edilib. Keyfiyyətli və dadlı yeməklərin bişirilməsi də buradakı personalın başlıca vəzifələridir.

7. "Olimpiya" mehmanxanası
Salyan şəhər, Ələt-Astara magistral yolunun kənarında Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərir. Tam müasir tələblərə cavab verən 4 mərtəbəli mehmanxanada gecələmək üçün hər cür şərait var.

8. "KÜR" mehmanxanası
Salyan şəhər H. Əliyev prospektində yerləşir. Yüksək səviyyədə qurulan mehmanxanaya təşrif buyuran hər bir müştəri istədikləri bütün xidmətlərdən istifadə edə biləcəklər. İri və kiçik zalların olması burada müxtəlif tədbirlərin təşkilinə də imkan verir.

9. «Ceyran» istirahət mərkəzi (500 nəfər)
Salyan rayonu Quyuçu kəndindədir.

10. "Qızılgül" Restoranı
Salyan şəhəri Ələt-Astara yolunun kənarında salınıb.

11. "Təndir" restoranı
Salyan şəhəri Ələt-Astara yolunun kənarında yerləşir.

12. Rayonun Xələc kəndinin ərazisində, Ələt-Astara yolunun yaxınlığında da bir necə restoran və istirahət mərkəzləri fəaliyyət göstərir.

H.Əliyev adına park
Rayon mərkəzində salınan H.Əliyev parkı 1.7 hektar ərazini əhatə edir. Müasir tələblərə uyğun tikilən parkda əhəlinin rahat dincəlməsi ücün hər cür şərait yaradılıb. Parkda oturacaqlar qoyulub, fəvvarə quraşdırılıb. Ərazidə H.Əliyev muzeyidə tikilib. Yaşıllıq zolaqları ilə əhatə olunan parkada sakinlərə xidmət göstərəcək iaşə obyektləridə fəaliyyət göstərir.

"Gənclər" parkı
Gənclər parkı, Salyan şəhər milli qəhrəman Nazim Babayev kücəsində salınıb. 3 hektar ərazini əhatə edir. Bu ərazidə yaşayan 3 mindən cox sakinin istifadə etdiyi parkda mədəni istirahət ücün hər tərəfli şərait yaradılıb. Kölgənəcəklər salınıb, uşaq əyləncə

Monumental abidələr

Ümummilli Lider Heydər Əliyevin heykəli
İctimai xadim, alim, tərcüməçi, böyük mütəfəkkir Əlibəy Hüseynzadənin heykəli
Xalq şairi Xəlil Rza Ulutürkün və oğlu Milli Qəhrəman Təbriz Xəlilbəylinin barelyefləri
Akademik Zərifə xanım Əliyevanın baralyefi
Din xadimi Ağa Mirbağır Ağazadənin barelyefi
Milli qəhrəman Nazim Babayevin büstü
Sovet İttifaqı qəhrəmanı Məhərrəm Dadaşovun büstü
31 Mart Azərbaycanlıların soyqırımı gününə Xatirə abidəsi
Şəhid Anası abidəsi
20 Yanvar faciəsində şəhid olanların xatirəsinə ucaldılmış abidəsi
Rayonumuzda və kəndlərdə 1941 -1945-ci il faşizm üzərində "Qələbə" günü xatirəsinə ucaldılmış abidələr
Mədəniyyət müəsisələri

Ənənələr yaşadılır

Salyan rayonun da Mədəniyyət şöbəsi Rayon yaradıldığı 1930-cu ildə, yerli İcraiyyə Komitəsinin nəzdində yaranıb. 2006-cı ilin yanvar ayının 1-dən isə Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərir. Salyan rayon Mədəniyyət və Turizm şöbəsi tabeliyində 109 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Onlardan 16 mədəniyyət evi (1 rayon mədəniyyət evi, 1 qəsəbə mədəniyyət evi, 14 kənd mədəniyyət evi), 30 klub (25 kənd klubu, 5 şəhər klubu), 2 muzey (1 Tarix-Diyarşünaslıq muzeyi, 1 Heydər Əliyev muzeyi), 55 kitabxana (1 Mərkəzləşdirilmiş kitabxana ,1 Uşaq, 1 Gənclər, 5 şəhər, 47 kənd kitabxanası), 1 Dövlət Kukla teatrı ( şöbədən maliyyələşmir), 1 kinoteatr (fəaliyyəti müvəqqəti dayandırılıb), 1 Dövlət Rəsm Qalereyası, 1 Mədəniyyət və İstirahət parkı (işçi ştatı yoxdur), salyanlıların musiqi zövqünün formalaşmasına dəstək olan 2 musiqi mərkəzi ( İncəsənət məktəbi, Yenikənd kənd musiqi məktəbi) fəaliyyət göstərir.

Bu müəssisələrdə 480 nəfər işçi çalışır ki, onlardan 105 nəfəri ali, 163 nəfəri orta ixtisas, 94 nəfəri orta musiqi təhsillidir. 118 nəfər isə texniki işçidir. Cins tərkibinə gəlincə - 316 nəfəri qadın, 164 nəfər isə kişidir.

Şöbənin ünvanı: AZ5200, Salyan rayon H. Əliyev 107 a. Salyan met@box.az

Tel ( faks) ( 163)(021) tel: 4-52-41

N. Gəncəvi adına mərkəzi kitabxana

Üzun müddət Muğanın maarif mərkəzi funksiyasını yerinə yetirən Salyanda ilk qiraətxananın yaradılması 1881-ci ilə təsadüf edir. 1880- ci ilin sentyabrın 22- də fəaliyyətə başlayan 2 sinifli rus-tatar məktəbinin müəllim kollektivinin təşəbbüsü ilə yaradılıb. İlk illərdə qiraətxana camaatdan toplanan kitab və dövrü mətbuat nümunələri ilə zənginləşdirilib. Lakin toplanan materiallar tələbatı tam ödəmədiyindən yeni və daha böyük kitabxananın yaradılmasına zərurət yaranır. Və beləliklə burada toplanılan təcrübə müstəqil ictimai qiraətxananın açılmasına təkan oldu. Xalq müəllimləri Mirzə Əziz Babazadə və Mirzə Yaqub Əlizadənin təşəbbüsü və dəstəyi ilə 1903 cü ildə Salyanda ilk ictimai qiraətxana yaradıldı. Qiraətxana üçün ilk bina indiki "Muğan" mehmanxanası ilə yanaşı olan köhnə dükanlardan birində (icarə haqqı ödəməklə) fəaliyyət göstərib. Yeni qiraətxananın fəaliyyətini genişləndirmək və zənginləşdirmək məqsədilə tərəqqipərvər insanlar qiraətxanaya o vaxtkı pulla 420 manat 60 qəpik dəyərində kitab və dövrü mətbuat bağışlayıblar. Qiraətxanadakı kitablardan istifadə üçün oxucular müəyyən olunmuş məbləğdə oxu haqqı ödəyirdilər ki, bu pullar və verilən ianələr kitab fondun zənginləşməsinə xərclənirdi. Getdikcə qiraətxana Salyanda qabaqcıl ideyaların təbliği mərkəzinə çevrilir. Milli mənəvi dəyərləri əxz etdirən dəyərli əsərlər geniş oxucu kütləsinə təqdim olunmazdan öncə burada müzakirəsi keçirilərmiş. Sonralar davamlı inkişaf edən bu ictimai qiraətxana kitab fondunu artıraraq, kütləvi kitabxanaya çevrilir. Sovetlər dövründə isə kitabdan daha geniş istifadəni təmin etmək məqsədilə 1975-ci ildə Salyan Rayon Kitabxanası Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrildi. 1978 -ci ildə kitabxana nümunəvi xüsusi layihə əsasında tikilən yeni binaya köçürüldü.Müstəqillik illərində isə milli liderimiz H. Əliyev kitabxanaların daha da inkişaf etdirilərək müasir tələblərə uyğunlaşdırılmasına xüsusi diqqət və qayğı göstərirdi. Belə ki 1996-cı ildə Azərbaycan hökuməti "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" qərarı, 1999-cu ildə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanunlara uyğun olaraq Nizami Gəncəvi adına Mərkəzi Kitabxana yenidən və yüksək səviyyədə təmir olunub həmçinin yeni avadanlıqlarla təchiz edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də rəhbərlik etdiyi ölkənin vətəndaşlarının maariflənməsi işinə diqqətlə yanaşır. Bu üzdən də "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında " 2004-cü il 27 dekabr tarixində sərəncam imzalayır. Sərəncama əsasən kitabxananın kitab fondunun yenilənməsi və əlavə kitabların gətirilməsi ilə zənginləşdirilməsinə başlanıldı. Proses hazırda da davam etdirilir. Artıq 12 395 nüsxə latın qrafikalı kitablar kitabxananın kitab fonduna daxil edilib.

Mərkəzi kitabxananın direktoru: Günaydın FərhadqızıSalyan rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi 
Ünvan: "Salyan şəhəri M.Rəsulzadə küçəsi, 133 
E-mail: salyan@cls.az, veb sayt: www-salyan-mks.az Telefon: iş (0 163) 4-53-67, mob: (+994)-070-734-05-20

Fəaliyyətin bu günü

Hazırda Nizami Gəncəvi adına Salyan rayon Mərkəzi Kitabxanası özündə 55 filialı (1- Uşaq kitabxanası, 1- Gənclər kitabxanası, 47- Kənd kitabxana filialları, 5 -Şəhər kitabxanası) birləşdirir. Ümumilikdə bu müəssisələrdə 103 nəfər çalışır. Onlarında 21 ali, 32 orta ixtisas təhsilli, qalan 50 nəfər isə orta təhsillidir. Kitab fondu - 527 283 nüsxə, bunlarında 12 395 latın qrafikalı qalanı ilə kiril əlifbası ilə yazılanlardır. Kitabxanada ingilis dilində olan 500 nüsxə kitabda var. Cəmi oxucular - 48 minə çatır.
Hazırda Mərkəzi kitabxananın oxu zalında eyni vaxtda 80 nəfər oxucu mütaliə ilə məşğul ola bilər. Fond tutumu 50 min nüsxə olan xidmət söbəsindən oxucular istək və maraqlarına uyğun ədəbiyyatlar tapa bilərlər. Oxuculara yüksək səviyyədə xidmət göstərmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı"nın icrası Azərbaycanda kitabxana işinin inkişafında dönüş yaratdı. Məhz bu sərəncamın icrası olaraq respublika üzrə o cümlədən Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada Elektron Kitabxananın yaradılmasına başlanıldı. Bunun üçün 11 kompüter və digər avadanlıqlar alınıb. Hazırda Salyan rayon Mərkəzi kitabxana sistemi Dövlət Proqramına uyğun olaraq kitabxana informasiya sahəsində yeni texnologiyaların tətbiqi, müasir kitabxana informasiya infrastrukturunun yaradılması işi kompleks şəkildə davamlı aparılır. Artıq Mərkəzi kitabxana Avtomatlaşdırılmış kitabxana sisteminə keçirilib. İRBİS- 64 baza proqramı işlənib. Yeniliyin tətbiqi məqsədi ilə kitabxanada 2 yeni şöbə (Kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması və (İnformasiya - Resurs Mərkəzi) yaradılıb. Hazırda Mərkəzi kitabxananın ümumi fondu elektron kataloqa köçürülür.

Kitabxanada 2008 ci ildən Məlumat mərkəzi də fəaliyyət göstərir. Məlumat mərkəzinin əsas vəzifəsi informasiyalı cəmiyyətdə oxucuların informasiyaya olan tələbatını ödəmək və qarşıya çıxan çətinlikləri tez bir zamanda dəf etməkdən ötrü mərkəzə müraciət edə bilər. Hazırda mərkəz fasiləsiz və surətli internet xətti ilə təmin olunub. Bu şöbədə Mərkəzi Kitabxananın Veb sayıt da hazırlanır.

Kitabxanada Amerika Mərkəzi
MKS-də Amerikalı həmkarları ilə 2007-ci ilin may ayından sıx əlaqədə olsalar da rəsmən 2011 ci ilin aprelində Mədəniyyət və Turizm Nazirliyi və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi arasında "Kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu " imzalandıqdan sonra burada "Amerika mərkəzi" fəaliyyətə başladı. Kitabxanada bundan əvvəl isə "Regional kitabxanaların inkişaf proqramı" layihəsi ardınca "Regional Kitabxanaların Məlumat Mərkəzi" fəaliyyətə göstərib. Mərkəz geniş oxucu auditoriyası üçün açıqdır və buradakı materiallardan istifadə pulsuzdur. İcmanın bütün təbəqələrindən olan insanlar Amerika Mərkəzinin informasiya resurslarından yararlana bilərlər. Mərkəz fasiləsiz internetlə, resurs mənbələri ilə təmin edilib. İstifadəçilər əldə etdikləri məlumatlardan çap formatında da yararlana bilərlər. Amerika Mərkəzi qloballaşan dünyada xüsusən kommunikasiya texnologiyalarının rolunun artdığı bir vaxtda, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan müasir gəncliyin formalaşmasına onların bilik və intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir. Bu məqsədlə Mərkəz də bu sistem üzrə təhsil proqramları həyata keçirilir:

Başlanğıc klubu
Orta səviyyəyə hazırlıq klubu
Orta səviyyə klubu
Yüksək səviyyə klubu
İstifadəçilərin mövsüm emalatxanası
Yoqa klub
Kitab abidələri

Salyan rayon Nizami Gəncəvi adına Mərkəzi Kitabxanasında 114 kitab abidəsi qeydiyyatdadır. Onlardan 103 Mərkəzi Kitabxananın Mübadilə şöbəsində saxlanılır. Qalan 11 kitab abidəsi isə hazırda şəxsi evlərdə qorunan "Qurani-Kərim"in qədim kitab nümunələridir. Kitabxanadakı "kitab abidələri" nin 69 lüğət tərkibli, 15 isə söz birləşmələri haqda Ensiklopedik lüğətlərdir. Digər 6-sı Yer planetindən: 2-si Yer quruluşundan, 2-si bitkiləri öyrənən, 1-i isə təbiətin yaranmasına həsr olunan Ensiklopediyalardır. Dünya tarixinin ayrı-ayrı dövrlərini olduğu kimi bizlərə çatdıran 4 tarixi ensiklopediyada (2 XIX əsr tarixi, 2 Bizans imperiyasından bəhs edir) gələcək nəsillərə çatdırmaq üçün kitabxanada yüksək səviyyədə qorunaraq maraq göstərən oxuculara təqdim olunur. Qalan 9 ensiklopediyadan, 5-də insan fizionomiyasının, 2-də isə Ümum Dünya Xalq Yaradıcılığının ən kiçik məqamları belə, orijinallığı ilə əksini tapıb.