Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
4 Aprel , 2022
Şəhid Kamil Şirinovun qürurlu adı hər kəsin qürur mənbəyidir
Tarixən vətən müqəddəsdir, vətən əzizdir deyib, onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan, hətta bu yolda canından keçməyə hazır olan, ömür yollarında əvəzsiz qəhrəmanlıqlar göstərən, bir sözlə, tarixdə xariqələr yaradan vətən övladlarının adları heç zaman unudulmayıb, heç zaman da yaddaşlardan çıxmayıb.
Bəli, taleyinə çoxları kimi vətəni sevmək, onun hər qarış torpağına bağlı olmaq istəyi yazılmış şəhid kapitan Şirinov Kamil Əlişoğlunun ömür yolları haqda söhbət düşərkən, o zaman bəlli olur ki, adı çəkilən bu igid oğul da, məhz canını, qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verməyə hazır olan vətən övladlarından biri olur. Bəli, zaman keçəcək, illər bir-birini əvəzləyəcək, o halda adı hər kəs tərəfindən iftixar hissi ilə çəkiləcək Kamil Şirinovun atdığı addımlara, məhz tarixin özü lazım olduğu qiymətini verəcək. Çünki, o, ölümü ilə ən uca bir zirvəyə, məhz şəhidlik zirvəsinə ucalmış vətən oğullarından biridir.
Şəhid kapitan Şirinov Kamil Əliş oğlu 9 aprel 1991-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olmuşdur. Qeyd edək ki, o, ata-anasının böyük övladı olur və 1997-ci ildə doğulub boya-başa çatdığı Çuxanlı kəndindəki şəhid Ziyad Həmidov adına tam orta məktəbdə təhsil alır. Elə ki, Kamil Şirinov 2006-cı ildə həmin məktəbin 9-cu sinif şagirdi olur, o halda o, öz istəyi ilə hərbi məktəbə daxil olmaq qərarı verir və həmin ildə də Cəmşid Naxçivanski adına hərbi məktəbə daxil olmaq məqsədilə imtahan verib, məhz arzusunda olduğu belə bir istəyinə nail olur. Üç il təhsilini davam etdirdikdən sonra o, 2009-cu ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olur. Dörd il ərzində bu akademiyanı əla qiymətlərlə və qüsursuz davranışı ilə başa vuran Kamil Şirinov, 2013-cü ildə ali hərbi təhsilini uğurla başa vurur və çox keçmir ki, “N” saylı hərbi hissədə xidməti fəaliyyətinə başlayır. Qəhrəmanımızın hərbi sahəyə istəyi o qədər çox olur ki, o, ən çətin sahələrdən biri hesab olunan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyi də qarşısına əsas məqsəd qoyur. Düzdür, Kamil Şirinov bu yöndə istəyini ilk əvvəl atasına bildirsə də, o, belə bir istəyini bir müddət anasından gizli saxlayır. Çox keçmir ki, XTQ-in sıralarına daxil olan Kamil Şirinov, bu sahə üzrə təhsilini uğurla davam etdirir və xüsusi təlimlərdə yaxından iştirak etməklə çətin sınaqlardan da keçir. Yəni çox keçmir ki, o, qarşısına qoyduğu bu yöndə məqsədinə çatır və XTQ-ə məxsus “N” saylı hərbi hissədə xidməti fəaliyyətinə başlayır. Gənc və peşəkar hərbçi olaraq onun əsas məqsədi işğal altında olan torpaqlarımızın azad olunması olduğundan, Kamil Şirinov heç vaxt hərbi xidmətinə aid məsələlər haqda bir kimsənin yanında söz-söhbət salmağı sevməzdi.
Onu da qeyd edək ki, bu şəxs öz peşəsinə olduqca bağlı və sadiq olduğundan, həmçinin qüsursuz hərbi xidmət göstərdiyindən, bir neçə dəfə rəhbərlik tərəfindən mükafatla, medalla və fəxri fərmanla da təltif olunur. Bir sözlə, hərbi sahədə nümunəvi xidmət göstərmək sanki Kamil Şirinovun ruhuna və qanına işləmişdir. 2016-cı ilin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən onun əlini sıxmış və “Fərqlənmə medalı”nı onun özünə təqdim etmişdir. Bunu Kamil Şirinov özü və xalqı üçün qürurverici hal da hesab etmişdir. Bundan əlavə o, hərbi sahədə öz potensialını artırmaq üçün bir neçə dəfə Türkiyə və Pakistanda hərbi təlimlərdə olmuş və atdığı addımlarına görə bir neçə medalla da təltif olunmuşdur. O, vətəni canından çox sevirdi və çox şükürlər olsun ki, bu gün torpaqlarımız yağı düşmənin tapdağından azad olunub. Belə bir halın varlığı, məhz onun ruhunun da şad olması deməkdir.