Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
29 Mart , 2022
MAHHX əsgər Quliyev Mehman Telman oğlu-30
Şəhid kəşfiyyatçı Quliyev Mehman Telman oğlu 1992-ci il martın 29-da Bərdənin Əyricə kəndində anadan olub. Bərdə rayon Elçin Abdullayev adına Əyricə kənd tam orta məktəbində oxuyub. Peşəkar hərbçi olan Mehman 4 il cəbhənin ən qaynar nöqtələrində xidmət edib. Xüsusi Təyinatlıların kəşfiyyatçısı, snayperi çavuş Quliyev Goranboy,Tərtər, Ağdam, Murovda daim düşmənlə üz-üzə olub. Onun vətən sevgisi, yurd bağlılığı, dostcanlılığı bu müharibədə də özünü ən yüksək şəkildə göstərib.

Mehman döyüş yoldaşlarıyla birlikdə Suqovuşanın azad edilməsində misilsiz şücaət göstərir. Komandirinin sözlərinə görə, onlar oktyabrın 5-də sadəcə bıçaqla, əliyalın, səssiz 21 düşmən postunu ələ keçirir, yüzlərlə düşməni məhv edirlər. Mehman döyüşlərin birində çiynindən yaralansa da, bütün təkidlərə baxmayaraq, geri qayıtmır, ordaca yarasını bağlayıb döyüşə davam edir. Növbəti gün- oktyabrın 6-da isə Ağdamda kəşfiyyat zamanı şəhidlik zirvəsinə ucalır.

Onun dəfn mərasiminə qatılan yaralı döyüş yoldaşları anasının əlindən öpüb deyirlər ki, "bizim hamımızı Mehman xilas edib. Biz bu gün həyatımızı Mehmana borcluyuq". Daim dayısıyla telefon əlaqəsi saxlayan döyüşçümüz onun "ehtiyatlı ol, özünü qoru" tövsiyələrinə "yanında qardaşların şəhid olarsa, heç gözünü qırparsanmı?" - deyə cavab verir. Son danışığında isə dayısına "mən bu gecə şəhid olsam, atam, anam, yoldaşım və balam sənə əmanət" - deyir. Çünki yenicə ailə həyatı qurmuş Mehmanın üzünə, qoxusuna doya bilmədiyi 3 aylıq Damla adlı qız balası var. Şəhidimizdən geriyə qısa ömrünə sığdırdığı qürur dolu xatirələri, Damlası və ölümündən 2 saat əvvəl, yaralı halda çəkdirdiyi şəkli qaldı...

Ölümündən sonra "Vətən müharibəsi iştirakçısı", " Ağdamın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.