Salyan rayon Mərkəzi kitabxanası

Salyan rayon MKS
Xəbərlər
27 Yanvar , 2021

                                   Cəbhədən əbədiyyətə...

                                   II Qarabağ müharibəsinin iştirakçısı şəhid mayor

                            Müseyib Saleh oğlu Zeynalo-vun əziz xatirəsinə...

Sənin haqqında yazmaq çox çətindir,çünki sənin haqqında yazılan bir cümlə roman ola bilər. Hansı gözəl sözyazılsa digərlərindən daha mənalı olacaq. Mövzu-nun başlığı “Cəbhədən əbədiyyətə” olduğu üçün daha yazmağa başlamadan  qələm titrəyir, yazdıqca sətirlər ağlayır. Bir insan düşünün: ləyaqəti, həyata obyek-tiv baxış bucağı, bütün insani keyfiyyətləri ilə seçilən: bir oğul düşünün: ata-ana-sının başını uca edən, beş bacının bir qardaşı- qeyrət timsalı, bir ata düşünün  :  övladlarının daima onunla fəxr edəcəyini, bir dost düşünün: həm pis ,həm yaxşı günün sadiq  dostu, bir komandir düşünün hərbi xidmətini " Qüsursuzluq " medalı ilə başa vurmuş, döyüşlərdə ,müharibədə iştirak etmiş, güllə -boran içində əsgərlərinin üzündə  təbəssüm yaratmağı bacaran və son tikəsini onlarla bölüşən.Bəli ! Bu , sənsən, mayor Zeynalov! Səninlə bir dəfə olsun dilaloqa girmiş insan belə şəhidlik zirvəsinə ucaldığın gündən " Kaş ki" deyir. Məgər dünyanin ən qorxunc ən peşmanlıq dolu sözü imiş kaş ki... Kaş ki, sən yenə sağ olardın... Ancaq sən bir insanın çata biləcəyi ən yüksək mərtəbəyə ucaldın. Buna görə səni sevən hərkəs hüzünlü olsa da, eyni zamanda fəxr edir, qürur duyur səninlə...Sənin dəst-xəttin,yetişdirdiyin yüzlərlə əsgər və zabitlərdə can tapır. Şübhəsiz ki, onların hərbi xidmətlərində qazandığı, qazanacağı uğurlar Mayor Müseyib Zeynalov imza-sı daşıyıb və daşıyacaq.

Həyat şirindir ,doyumsuz anları, yaşanacaq günəşli günləri var. 27 yanvar sənin doğum günündür. Əgər yaşasaydın 43 yaşın olacaqdı, amma sən  heç qocalmadın da, Zeynalov. Yaddaşlarda həmişəlik,  ciddi, təmkinli  və bir o qədərdə mehriban, gözəl xasiyyətin, insanlığın, gülərüz siman və hərkəsi güldürən məzəli söhbətlərinlə qaldın. Biz yenə hər gün səndən danışırıq,söhbət edir, deyib- gülürük amma bu gülüşlər biraz fərqlidir, sənsizdir, göz yaşları içində gülüşlərdir...

Şəhidlik uca zirvədir, sənin kimi şərəfli insana da zirvə yaraşardı. Əbəs deyil ki, elə şəhadətə də Qubadlı zirvələrinin birində şəhid olmuş silahdaşlarının ölümü düşünmədən ,mərdcə vuruşaraq qisasını alarkən ucaldın! O gün ,orada qəlbinin vətən uğrunda dayandığı o an nə bir tarix, nə də bir zaman idi, bu sonsuzluq adlı əbədiyyətdir! Qəhrəmanlığınla ölümsüzləşdiyin əbədiyyət!

“Qəhrəmanlar ölmür" deyirlər, bu tamamilə doğrudur, çünki qəhrəmanlar ölümə meydan oxuya, ölümün gözünə dik baxa bilirlər. Onların uğrunda canlarından keçdikləri səbəblər, həm də onları yaşadır. Sən də bizlər üçün daima fikrimizdə, beynimizdə,qəlbimizdə yaşayacaqsan,mayor Müseyib Zeynalov! Cənnətdəki ilk ad günün mübarək! Sən həmişə bizimləsən!

 

 

 

                           Salyan şəhər  Nizami Gəncəvi adına Mərkəzi kitabxananın 

                           könüllüsü  Sevil  Abdullayeva